PAŞA Bank OJSC Bakı Fond Birjasında həyata keçirdiyi yeni istiqraz emissiyasında yüksək investor marağı ilə qarşılaşıb.
GDP xəbər verir ki,bankın İdarə Heyətinin sədri Cavid Quliyevin açıqlamasına görə, 10 iş günü ərzində sifarişlərin ümumi həcmi 90 milyon manatı ötüb ki, bu da təklif edilən 40 milyon manatlıq həcmdən iki dəfədən çoxdur.
Emissiyaya 65 investor qatılıb, bunlardan 54 sifariş uğurla icra olunub. İllik 10,5% kupon faizi və 12 aylıq müddətə malik istiqrazlar tam həcmdə yerləşdirilib.
Cavid Quliyev bildirib ki, bu emissiya investisiya mədəniyyətinin gücləndirilməsi və real iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi istiqamətində vacib addımdır. O, əsas anderrayter PAŞA Capital-a, həmçinin tərəfdaş şirkətlər Unicapital Investment Company və CPM-Invest Investment Company OJSC-ə təşəkkürünü bildirib.
Bank rəhbəri xüsusilə emissiyada iştirak edən bütün investorlara minnətdarlığını ifadə edərək, bu cür təşəbbüslərin ölkənin maliyyə bazarına töhfə verməkdə və müştərilər üçün dəyər yaratmaqda bankın əsas strateji hədəflərindən biri olduğunu vurğulayıb.