“PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesi, maliyyə göstəricilərindəki dəyişikliklər, likvidlik vəziyyəti, marketmeyker mexanizmi və investorlar üçün nəzərdə tutulan rəqəmsal imkanlarla bağlı GDP.Az-a müsahibə verib. Müsahibədə Cavid Quliyev IPO-ya hazırlıq mərhələsində əsas prioritetləri, bankın maliyyə dayanıqlığını və qarşıdakı dövr üçün planları ətraflı şəkildə şərh edib.
– 2025-ci ilin maliyyə göstəricilərinə əsasən “PAŞA Bank” ASC-nin ani likvidlik əmsalında azalma müşahidə olunur. Bu tendensiyanı necə dəyərləndirirsiniz?
– Azalama olsa da likvidlik əmsalımız minimal tələblərdən qat-qat yüksək səviyyədədir. Bu baxımdan vəziyyət tam nəzarət altındadır. Sadəcə onu qeyd etməliyəm ki, depozitlərin artımı fonunda likvid vəsaitlərin bir hissəsi kredit portfelinə yönləndirilib. Bu da təbiidir. Çünki 2025-ci il ərzində kredit portfelimiz ümumilikdə 3,1 milyard manat artıb və bu artım həm korporativ, həm də kiçik və orta sahibkarlıq seqmentlərini əhatə edib. Hər iki istiqamətdə kifayət qədər ciddi artım qeydə alınıb.
– Amma ötən il mənfəətdə də azalma müşahidə olunub. Bunun səbəbi nədir?
– Bəli, bəzi göstəricilərdə azalma var. Digər tərəfdən, ehtiyatların da artdığını görürük. Məhz buna görə də biz səbirli olmağın tərəfdarıyıq. Hazırda kənar audit prosesi beynəlxalq standartlara uyğun şəkildə davam edir və bu proses fevralın sonu – martın əvvəlində tamamlanacaq. Ondan sonra, ənənəvi olaraq, sizə daha detallı və dəqiq məlumat təqdim olunacaq.
Açıq deyim ki, bu mərhələdə tələsmək istəmirəm. Çünki audit prosesi bankçılıq üçün, xüsusilə də Mərkəzi Bankla əlaqəli sahələrdə çox önəmlidir. Uçot baxımından müəyyən texniki dəyişikliklər də baş verə bilər. Buna görə də yekun nəticələri gözləmək daha doğrudur. Biz həmin məsələlərə mütləq daha ətraflı şərh verəcəyik. Sadəcə indi yox, audit prosesi bitdikdən sonra.
– Marketmeyker məsələsinə gəlincə, neçə investisiya şirkətinin iştirakını nəzərdə tutursunuz?
– Bu, çox yaxşı sualdır. Mənim fikrimcə, burada hər hansı məhdudiyyət olmamalıdır. “Paşa Kapital” Paşa Holding-in törəmə şirkətidir və bu prosesi lider kimi aparacaq. Amma bizim istəyimiz ondan ibarətdir ki, həm səhmlərin ilkin satışı mərhələsində, həm də marketmeykerlik prosesində bir yox, bir neçə investisiya şirkəti iştirak etsin.
Bu, həm gələcək investorlar üçün daha sağlam mühit yaradar, həm də ikinci bazarda alqı-satqının aktivliyini təmin edər.
– Rəqəmsal kanallar üzərindən investisiya imkanları necə olacaq?
– Bu istiqamətdə aktiv işləyirik. Hazırda sınaq mərhələsindəyik. Proses çox sadə olacaq: iki-üç kliklə, maksimum iki dəqiqə ərzində investor həm broker hesabı, həm də Milli Depozit Mərkəzində (MDM) hesab aça biləcək.
Paşa Bankdan və digər banklardan Paşa Kapitala, oradan isə avtomatik olaraq MDM-ə keçid təmin ediləcək. Digər investisiya şirkətləri ilə də paralel danışıqlar aparırıq və onların da bu prosesə qoşulması üçün heç bir məhdudiyyət qoyulmayacaq.
Biz inanırıq ki, əsas investor kütləsi bank tətbiqləri üzərindən bu prosesi çox rahat şəkildə həyata keçirə biləcək.
– İnstitusional investorların marağı ölçülübmü?
– Açığı, bu günə qədər institusional investorlarla ayrıca danışıqlar aparmamışıq. Bu gün qərarı rəsmi şəkildə açıqladıq və marketinq mərhələsi bundan sonra başlayacaq. Qarşıdakı dövrdə bir neçə təqdimat və tədbir planlaşdırırıq.
Qanunvericiliyə əsasən, rəsmi abunə yazılışı 90 günə qədər davam edə bilər. Amma bizim fikrimizcə, bu qədər vaxta ehtiyac olmayacaq. Hazırda 30–45 gün aralığında bir müddət üzərində düşünürük.
Əsas məqsədimiz fiziki şəxslər üçün prosesi maksimum sadələşdirməkdir: investor bir neçə dəqiqə ərzində hesab açsın, vəsaiti köçürsün və sifarişini brokerlər vasitəsilə rahatlıqla yerləşdirə bilsin. Struktur da məhz bu yanaşma üzərində qurulacaq.
Müəllif: Aynur Qəniyeva

