PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxış edib.
O bildirib ki, PAŞA Bank səhmlərinin 5%-i, yəni 932 mindən çox səhm kütləvi təklif üsulu ilə birjaya çıxarılacaq. Məlumata görə, bir səhmin nominal dəyəri təxminən 20 manat təşkil edəcək.
Cavid Quliyev qeyd edib ki, IPO çərçivəsində əhalinin də səhmləri əldə etməsi mümkün olacaq, bu isə yerli investorların kapital bazarlarında iştirak imkanlarını genişləndirəcək.
Qeyd edək ki, bu addım Azərbaycan bazarında ABB-dən sonra həyata keçirilən ikinci iri IPO olacaq. IPO-nun ölkənin kapital bazarlarının inkişafına və investisiya mühitinin dərinləşməsinə töhfə verəcəyi gözlənilir.

