PAŞA Maliyyə Holdinqinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, PAŞA Bank ASC-nin səhmlərinin ilkin kütləvi təklifi (İPO) üzrə abunə yazılışı aprelin 13-dən mayın 12-dək davam edəcək.
O qeyd edib ki, bankın kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd adi adlı səhm ilkin yerləşdirmə qiyməti 55 manat olmaqla investorlara təqdim olunur. Minimum səhm sayı 1-dir.
“Bu gün PAŞA Maliyyə Holdinqi olaraq hamımız üçün qürurverici bir gündür. Portfelimizin ən güclü aktivlərindən biri olan PAŞA Bank ASC səhmlərinin İPO prosesi rəsmi olaraq başlanır. Bununla da tariximizdə ilk dəfə olaraq ictimaiyyət bizimlə birlikdə investisiya etmək imkanına malik olur”, – deyə Fərid Məmmədov vurğulayıb.
O əlavə edib ki, PAŞA Bank ölkədə İPO prosesinə başlayan ilk özəl şirkətdir: “Bu, ölkənin bank sektoru üçün yeni standartın başlanğıcıdır və ümid edirəm ki, bu addım hamı üçün yeni imkanlar açır.”
Holdinq rəhbəri qeyd edib ki, bu addım PAŞA Qrupunun məqsədinə – Azərbaycanda və digər fəaliyyət göstərdiyi ölkələrdə insanların həyatını yaxşılaşdırmaq və dəyər yaratmağa xidmət edir.

