PASHA Real Estate Group, PASHA Holding-in törəmə şirkəti olaraq, ABŞ-da yeni investisiya layihəsinə başlayıb. Şirkət bu istiqamətdə ABŞ-da yerləşən developer Nolan Reynolds International və ultra-lüks kurort brendi One&Only-nin sahibi və operatoru Kerzner International ilə strateji tərəfdaşlıq qurduğunu açıqlayıb. GDP xəbər verir ki, layihə One&Only brendi altında Hudson Valley bölgəsində yeni turizm məkanının inşasını nəzərdə tutur.
Hudson Valley layihəsi PASHA Real Estate Group-un beynəlxalq genişlənmə strategiyasında mühüm mərhələ hesab olunur və şirkətin ABŞ bazarına ilk investisiyası kimi qiymətləndirilir. Layihə qlobal səviyyədə şaxələndirilmiş portfelin formalaşdırılması, tanınmış destinasiya məkanlarının yaradılması, yüksək səviyyəli operatorlarla əməkdaşlıq və institusional tərəfdaşlıqların gücləndirilməsi məqsədlərinə xidmət edir.
Məlumata görə, layihə çərçivəsində 61 kabin, otaq və suitdən ibarət kurort kompleksi ilə yanaşı, 54 brendli fərdi yaşayış evi tikiləcək. Kompleks Culinary Institute of America-ya məxsus 8,5 hektar ərazidə yerləşəcək. Kurort Manhattan şəhərindən təxminən 90 dəqiqəlik məsafədə, Hudson River mənzərəsinə malik ərazidə inşa olunacaq.
Yeni istirahət məkanının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihə PASHA Real Estate Group-un qlobal bazarda mövqeyinin gücləndirilməsi istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.






