2025-ci ilin birinci rübünün sonuna kimi Azərbaycanda maliyyə sektoru çıxılmaqla depozit portfeli 36.7 milyard manat səviyyəsində olub.
GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının “Pul siyasət icmalı”nda bildirilir ki, bu dövrdə müddətli depozitlər 2.2% artaraq 14.8 milyard manata çatmış, cari depozitlərin həcmi isə 3.6% azalma ilə 21.9 milyard manat təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə depozit portfeli ümumilikdə 6.3% artıb. Xüsusilə müddətli depozitlərdə 17.4%-lik əhəmiyyətli artım müşahidə olunub, cari depozitlər isə praktiki olaraq sabit qalıb.
Hüquqi şəxslərin depozitləri isə ümumilikdə 4.1% azalmış, onların depozitləri içərisində cari hesabların payı 0.7 faiz bəndi azalıb, müddətli depozitlərin payı eyni səviyyədə artmışdır. Son bir ildə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 1.6 faiz bəndi azalmaqla 73%-ə düşüb, müddətli depozitlərin payı isə 27%-ə yüksəlib.
Qeyd edək ki, bu rəqəmlər göstərir ki, Azərbaycan vətəndaşları və hüquqi şəxslər yığımlarını daha çox müddətli depozitlərə yönəldirlər. Bu, maliyyə sabitliyi və gəlir əldə etmək baxımından müsbət siqnal sayılır. Müddətli depozitlərin artması həm bankların uzunmüddətli və daha stabil maliyyələşməsini təmin edir, həm də əmanətçilərin gəlir gözləntilərinin yüksəldiyini göstərir.