Azərbaycanın aparıcı elektron pul təşkilatlarından biri olan PashaPay MMC-də idarəetmə strukturunda dəyişiklik baş verib.
GDP xəbər verir ki,şirkət kollegial idarəetmə formasından imtina edərək təkbaşına idarəetmə modelinə keçib və bu çərçivədə Pünhan Nərimanov icraçı direktor vəzifəsinə təyin olunub.
Pünhan Nərimanov 2022-ci ilin aprelindən etibarən “PashaPay” MMC-də icraçı direktorun müavini kimi fəaliyyət göstərib. O, eyni zamanda Türk Dövlətləri Fintex Alyansının və Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin üzvüdür. 2021–2022-ci illərdə “MilliÖn” brendinin operatoru olan Komtec LTD-də baş icraçı direktor vəzifəsini icra edib.
Peşəkar karyerasının mühüm hissəsi bank sektorunda formalaşan Pünhan Nərimanov 2007–2021-ci illərdə Kapital Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, xəzinədarlıq direktoru, xəzinədarlıq departamenti direktorunun müavini, həmçinin nağd pul və nağd pul logistikasının idarə edilməsi departamentinin direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “PashaPay” MMC m10 və MilliÖn platformalarının sahibidir və ölkənin elektron ödəniş bazarında əsas oyunçulardan biri hesab olunur. İdarəetmə modelinin dəyişdirilməsi şirkətin qərar qəbuletmə proseslərinin operativliyinin artırılmasına və strateji inkişafın sürətləndirilməsinə yönəlib.

