COP29 çərçivəsində keçirilən “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda Nazirlərin dəyirmi masasında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Orta Dəhlizdə “yaşıl enerji” layihələrinin genişləndirilməsi planlarını açıqlayıb.
Nazir bildirib ki, 2013-cü ildən etibarən Orta Dəhlizin inkişafında dayanıqlılıq prinsipləri əsas götürülür. Bu çərçivədə dəmir yolu sistemində həm sərnişin, həm də yük daşımalarında müasir elektrik qatarlarına üstünlük verilir, mövcud infrastrukturun modernləşdirilməsi və yeni ərazilərdə günəş enerjisi sistemlərinin quraşdırılması planlaşdırılır.
Rəşad Nəbiyev qeyd edib ki, Bakı Limanı 2022-ci ildə Xəzər hövzəsində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatından eko-liman sertifikatı alıb. 2025-ci ildən etibarən isə alternativ enerji mənbələrindən istifadənin daha da genişləndirilməsi nəzərdə tutulur.