Rabitəbank ASC-nin İdarə Heyətinin qərarına əsasən, Anar Tağıyev 2026-cı ilin 2 fevral tarixindən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub.
Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. Müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələr icra edib. Eyni zamanda, dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib. Bu dövr ərzində maliyyə nəzarəti, uçot, strateji planlaşdırma və institusional maliyyə idarəetməsi üzrə geniş praktiki təcrübə qazanıb.
2021-ci ildən Rabitəbank ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi fəaliyyət göstərən Anar Tağıyev bankın maliyyə strategiyasının hazırlanması və icrasında, maliyyə dayanıqlığının qorunmasında və effektiv resurs idarəçiliyinin təmin olunmasında mühüm rol oynayıb.
Yeni vəzifəsində o, Rabitəbankın maliyyə idarəetmə modelinin daha da təkmilləşdirilməsi, bankın strateji inkişaf prioritetlərinin maliyyə baxımından effektiv şəkildə dəstəklənməsi və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcək.

