Reuters agentliyində Bakı Fond Birjasının baş icraçı direktoru Ruslan Xəlilovla müsahibə əsasında məqalədə dərc olunub.
GDP-nin məlumatına görə məqalədə bildirilir ki, Bakı Fond Birjası yaxın zamanda planlaşdırılan bir bankın ilkin kütləvi səhmlərinin yerləşdirilməsi (IPO) və Abu Dhabi Securities Exchange ilə rəqəmsal tərəfdaşlıq sayəsində sürətli artım və xarici kapitalın cəlb olunmasına ümid edir. Birjanın baş icraçı direktoru Ruslan Xəlilov bu barədə Reuters-ə müsahibəsində bildirib.
Səhm bazarının kapitallaşması hazırda neft istehsalçısı olan Azərbaycanın ümumi daxili məhsulunun cəmi 3%-nə bərabərdir. Xəlilovun sözlərinə görə, bu göstərici 2027-ci ilin ortalarınadək 5%-ə, 2030-cu ilə qədər isə 10%-ə yüksələcək.
O qeyd edib ki, birja repo əməliyyatlarının üstünlük təşkil etdiyi modeldən uzaqlaşaraq, IPO-lar və beynəlxalq ticarət platformaları ilə rəqəmsal inteqrasiya hesabına daha geniş səhm və istiqraz bazarının inkişafına yönəlir.
2025-ci ildə birjada ümumi dövriyyə repo seqmentinin ayrılması fonunda əvvəlki ildəki 71 milyard manatdan (41,7 milyard dollar) 64 milyard manata (37,5 milyard dollar) enib.
Bununla belə, əsas bazar seqmentləri genişlənib: dövlət qiymətli kağızları üzrə dövriyyə 58,1% artıb, daxili korporativ bazarda aktivlik isə 5,26% yüksəlib.
“Əsas məqsəd yalnız repo həcmlərini artırmaq deyil; bu göstəricilər əsasən bank sektorunun likvidliyini və Maliyyə Nazirliyinin əməliyyatlarını əks etdirir. Biz bazarın təməlini — səhmləri və dövlət qiymətli kağızlarını — gücləndirməyə fokuslanmışıq”, — deyə Xəlilov bildirib.
Artımın əsas hərəkətverici qüvvələrindən biri ölkənin ən iri sistem əhəmiyyətli banklarından olan PAŞA Bankın planlaşdırılan IPO-su olacaq.
Xəlilovun sözlərinə görə, bu listinq ümumi bazar kapitallaşmasını 25–30% artıra bilər.
Bank yaz aylarında səhmlərinin 5%-ni əsasən fərdi investorlar üçün satışa çıxarmağı planlaşdırdığını açıqlayıb.
“Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə yanaşı PASHA Bankın da bazarda olması likvidlik üçün iki mühərrik yaradacaq. İnvestorlar bir neçə ‘blue-chip’ qiymətli kağız arasında seçim edə bildikdə, investisiya simvolik deyil, strateji xarakter daşıyır”, — deyə o vurğulayıb.
Bu aydan etibarən birja Tabadul Hub ilə tam inteqrasiyaya başlayacaq. Sözügedən platforma brokerlər üçün qarşılıqlı bazar çıxışı təmin edəcək və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər iştirakçı bazarlar arasında əlaqəni gücləndirəcək.
Xəlilov həmçinin birjanın World Federation of Exchanges-ə tam üzv qəbul edilməsini şəffaflığın artırılması və beynəlxalq standartlara uyğunlaşma istiqamətində vacib addım kimi qiymətləndirib.
Bakı Fond Birjası 2026-cı ilin sonunadək istiqrazların təkrar bazarında tam rəqəmsal ticarəti işə salmağı planlaşdırır. 2027-ci ilin ilk yarısında repo əməliyyatlarının birjadankənar (OTC) bazardan elektron ticarət platformasına keçirilməsi və birja sistemlərinin mobil bank tətbiqlərinə inteqrasiyası nəzərdə tutulur.
“Məqsədimiz fərdi investorların bir kliklə səhm və ya istiqraz ala bilməsini təmin etməkdir”, — deyə Xəlilov bildirib.
2025-ci ildə ən sürətlə böyüyən seqmentlərdən biri də təkrar səhm ticarəti olub — bu sahədə artım 70% təşkil edib. Hazırda bazarda təxminən 16 min səhm və 7 min istiqraz mövcuddur.
“2030-cu ilə qədər Azərbaycanın kapital bazarı milli iqtisadiyyatın tam inteqrasiya olunmuş və şəffaf sütununa çevrilə, maliyyə alətlərinin məhdud çeşidindən asılılığı azalda bilər”, — deyə Xəlilov əlavə edib.

