Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı çərşənbə günü Asiyalı alıcılar üçün sentyabr ayı üzrə xam neftin qiymətini ardıcıl ikinci ay artırdığını açıqlayıb. Qiymət artımının əsas səbəbi kimi bazarda təklifin məhdudluğu və tələbatın güclü olması göstərilir.
Dövlətə məxsus “Aramco” şirkəti özünün əsas məhsulu olan Arab Light markalı xam neftin rəsmi satış qiymətini (OSP) Oman/Dubay orta göstəricisindən 3,20 ABŞ dolları yuxarı müəyyən edib ki, bu da əvvəlki ayla müqayisədə 1 dollar artım deməkdir.
Digər markalar – Arab Extra Light, Medium və Heavy neftlərinin qiymətləri isə 70 sentdən 1,20 dollaradək artırılıb.
Reuters agentliyinin məlumatına görə, Hindistanlı bir emalçı bu qiymət artımını Birləşmiş Ştatların Hindistan mallarına qarşı tətbiq etdiyi 25%-lik gömrük rüsumlarından sonra Hindistanda neft tələbatının güclənəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirib. Bu rüsumlar Hindistanın Rusiya nefti idxalını davam etdirməsinə cavab olaraq tətbiq edilib.
“Aramco” ABŞ alıcıları üçün də qiymətləri artırıb, lakin Avropa bazarı üçün qiymətləri aşağı salıb.
Bu addım, OPEC-in sentyabr ayı üçün gündəlik 547 min barel hasilat artımına razılıq verməsindən sonra atılıb. Buna baxmayaraq, treyderlər bazarda hələ də gərginliyin davam etdiyini bildirirlər.
Qeyd edək ki, “Aramco”nun aylıq qiymət qərarları Asiyaya ixrac olunan gündəlik təqribən 9 milyon barel neftin bazar göstəricilərinə birbaşa təsir edir.