İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi layihələr uğurla davam etdirilir. İqtisadi Zonaların İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ağdam Sənaye Parkının əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Bildirilib ki, qısa müddət ərzində Ağdam Sənaye Parkı regional iqtisadi mərkəzə çevrilib. Hazırda parkda 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Rezidentlərin sayına görə bu park ölkədə ikinci yerdə qərarlaşıb.
Sənaye parkına indiyədək 145,8 milyon manat investisiya yatırılıb. Burada 1000-ə yaxın daimi iş yeri yaradılıb və işə qəbul zamanı yerli əhalinin məşğulluğuna xüsusi önəm verilir.
Hal-hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılır, həm də xarici ölkələrə ixrac edilir. Sahibkarlar tərəfindən ümumilikdə 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bu satışın 62,3 milyon manatlıq hissəsi ixracın payına düşür.
Ağdam Sənaye Parkının fəaliyyəti işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin sürətləndirilməsinə və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verir.

