SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə 4-cü kupon ödənişi icra olunub. GDP xəbər verir ki, mart ayının 10-da gerçəkləşdirilən ödəniş nəticəsində istiqraz sahiblərinə 3 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb.
“SOCAR Capital”dan verilən məlumata görə, Emissiya Prospektinə uyğun olaraq ödəniş vaxtı qeyri-iş gününə təsadüf etdiyi üçün prosedur növbəti ilk iş günündə yerinə yetirilib. Bu ödənişlə birlikdə investorların istiqrazlardan əldə etdiyi ümumi gəlir 12 milyon ABŞ dollarına çatıb.
Ötən ilin yanvar ayında ölkənin “yaşıl enerji” sahəsindəki strateji hədəflərinə dəstək məqsədilə emissiya edilən bu qiymətli kağızlar bazarda böyük maraqla qarşılanıb. 7 mart 2024-cü ildən etibarən təkrar bazarda alqı-satqısına start verilən SOCAR-ın “yaşıl istiqraz”ları ilə Bakı Fond Birjasında (BFB) bu günə qədər 447 əqd bağlanıb. Həmin əqdlərin ümumi həcmi 22 milyon ABŞ dollarını ötüb.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan bütün istiqrazları üzrə BFB-də aparılan ticarətin həcmi 97,6 milyon ABŞ dolları təşkil edir. Bu müddət ərzində bağlanan əqdlərin sayı 1620-yə çatıb ki, bu da BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,7 faizini təşkil edir.
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək şirkət tərəfindən vətəndaşlara və investorlara ümumilikdə 56 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“ABB İnvest” investisiya şirkətinin marketmeykerliyi ilə çıxarılan “yaşıl” təyinatlı istiqrazlar illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. Bütün vergilərdən azad olan bu qiymətli kağızlar üzrə kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir. Müddətin sonuna qədər istiqraz sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracağı gözlənilir.
SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkədə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

