2025-ci ilin yanvar–sentyabr ayları üzrə Azərbaycanın tədiyə balansının kapital və maliyyə hərəkətləri hesabı makroiqtisadi sabitliyin qorunduğunu göstərsə də iqtisadiyyatın struktur transformasiyasının hələ də gözlənilən dərinlikdə getmədiyini ortaya qoyur. Hesabat dövründə ölkənin xalis maliyyə aktivlərinin 4.5 mlrd. ABŞ dolları artması müsbət göstərici kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bu artımın mənbələri və sektorlar üzrə bölgüsü iqtisadi siyasətin effektivliyi baxımından əlavə suallar yaradır.
Xarici aktivlərdə artım: maliyyə gücü var, lakin real sektorda effekti azdır
Xalis maliyyə aktivlərində müşahidə olunan artım əsasən 2.2 mlrd. dollar həcmində formalaşmış digər investisiyalar və 1.3 milyarda dollar həcmində olan portfel investisiyaları hesabına formalaşmışdır. Bu dinamika ölkənin maliyyə mövqeyinin möhkəmləndiyini göstərsə də, vəsaitlərin əhəmiyyətli hissəsinin depozitlər və maliyyə alətləri formasında cəmləndiyini onların real sektor, istehsal və məhsuldarlıq artımına birbaşa təsir etməsi üçün işlək mexanizmlərin olmadığını nümayiş etdirir.
Bu kontekstdə, İqtisadiyyat Nazirliyinin əsas çağırışı maliyyə resurslarının yalnız yığılmasını deyil, onların daha effektiv investisiya layihələrinə yönəldilməsini təşviq etməkdən ibarət olmalıdır.
Birbaşa investisiyalar: həcmlər böyükdür, struktur problem qalır
Hesabat dövründə birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 mln. dollar artmış, xalis maliyyə öhdəlikləri isə 305.2 mln. dollar azalmışdır. Nəticədə birbaşa investisiyalar üzrə 1.2 mlrd. dollarlıq kəsir formalaşmışdır.
Neft-qaz sektorunda cəlb edilən sərmayənin yəni 3.7 mlrd. dolların, 4.7 mlrd. dollar hıcmdə kapital repatriasiyası ilə üstələməsi, bu sahədə yaradılan dəyərin ölkə daxilində saxlanılması mexanizmlərinin kifayət qədər güclü olmadığını göstərir. Bu, artıq fiskal və monetar yox, struktur və institusional məsələ kimi qiymətləndirilməlidir.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların 9% artaraq 1.019,4 mln. dollara çatması müsbət tendensiyadır. Lakin artımın mühüm hissəsinin gəlirlərin yenidən investisiyası hesabına formalaşması yeni investor cəlbinin hələ də məhdud qaldığını göstərir ki, bu da İqtisadiyyat Nazirliyinin investisiya təşviqi alətlərinin effektivliyinin daha dərindən qiymətləndirilməsinə ehtiyac olduğunu nümayiş etdirir.
Portfel investisiyaları: maliyyə bazarları aktivləşir, dərinlik hələ zəifdir
Portfel investisiyaları üzrə xalis maliyyə aktivlərinin 1.3 mlrd. dollar artması maliyyə bazarlarına marağın yüksəldiyini göstərir. Dövlət sektorunun portfel öhdəliklərini azaltması fiskal ehtiyatlılıq baxımından müsbət qiymətləndirilə bilər.
Bununla belə, kapitalda iştiraka təminat verən qiymətli kağızlara marağın zəif qalması bazarın uzunmüddətli investisiya aləti kimi cəlbediciliyinin hələ formalaşmadığını göstərir. Bu sahədə kapital bazarlarının inkişafı üzrə iqtisadi blokun koordinasiyasının gücləndirilməsi zəruridir.
Digər investisiyalar: likvidlik artır, borclanma strukturu dəyişir
Digər investisiyalar üzrə xalis maliyyə aktivlərinin 2.2 mlrd. dollar artması əsasən depozitlər və nağd valyuta hesabına baş vermişdir. Bu, bank sisteminin xarici mövqeyinin gücləndiyini göstərir.
Eyni zamanda, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəliklərinin 560 mln. dollar artması, xüsusilə bank və neft-qaz sektorlarında borclanmanın artdığını göstərir. Dövlət və dövlət zəmanətli kreditlər üzrə azalmanın müşahidə olunması fiskal intizamın göstəricisidir. Bu kontekstdə investisiya layihələrinin seçimi və prioritetləşdirilməsi daha vacib xarakterli addım kimi qiymətləndirilməlidir.
Neft bonusu və ehtiyatlar: sabitlik var, amma alternativlər məhduddur
2025-ci ilin yanvar sentyabr ayları ərzində 450.2 mln. dollarlıq neft bonusu tədiyə balansında planlı və proqnozlaşdırılan gəlir kimi çıxış edir. Lakin bu mənbənin müqavilə müddəti ilə məhdud olması, uzunmüddətli perspektivdə davamlı gəlir mənbələrinin genişləndirilməsini zəruri edir.
Tədiyə balansı üzrə ehtiyat aktivlərin reallaşmış hissəsi 1.1 mlrd. dollar azalsa da, ölkənin strateji valyuta ehtiyatlarının 81.5 mlrd. dollara çatması ümumi maliyyə dayanıqlığını gücləndirir.
Ümumi yanaşmada 2025-ci ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanın tədiyə balansı qısamüddətli sabitlik baxımından güclü, lakin struktur dayanıqlılığı baxımından ehtiyatlı yanaşma tələb edən mərhələdədir. Maliyyə resurslarının artması mühüm üstünlükdür, lakin bu resursların real sektorda dəyər yaradan layihələrə yönəldilməsi iqtisadi siyasətin əsas sınağı olaraq qalır.
Bu baxımdan, əsas çağırış maliyyə sabitliyini qorumaqla yanaşı, investisiya mühitinin keyfiyyətini yüksəltmək və qeyri-neft sektorunda uzunmüddətli kapitalı cəlb edən mexanizmləri gücləndirməkdir.
Müəllif: Aynur Qəniyeva

