Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsində çıxış edib.
“İlk növbədə, biz prioritetlər, məlumatlar və tənzimləmə daxil olmaqla yaşıl maliyyə üçün funksional ekosistem yaradacağıq”, – deyə Mərkəzi Bankın sədri bildirib.
T.Kazımovun sözlərinə görə, AMB artıq Azərbaycan Yaşıl Taksonomiyasını hazırlayıb və bu prosesə müxtəlif maraqlı tərəflər, nazirliklər, maliyyə sənayesi assosiasiyaları və beynəlxalq maliyyə təşkilatları cəlb olunub.
Mərkəzi Bank rəhbəri qeyd edib ki, Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyaların 40 faiz azaldılması nəzərdə tutulub.
O, həmçinin vurğulayıb ki, 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiyaya uyğun olaraq, 2026-cı ildə ümumi enerji balansında bərpa olunan enerjinin payı 24 faizə qaldırılmalıdır.