Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov tərəfindən qurumun “Dayanıqlı maliyyə hesabatı”nın ön sözündə iqlim dəyişikliyi və dayanıqlı inkişafın müasir dövrün vacib qlobal çağırışlarından biri olaraq qaldığını vurğulayıb. O qeyd edib ki, “Azərbaycan 2030 – sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, o cümlədən təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivəni müəyyən edir.
Taleh Kazımov bu strateji çərçivənin realizasiyasının dəstəklənməsi və maliyyə sektorunun iqlim dəyişikliyindən yaranan risklərə qarşı dayanıqlılığının təmin edilməsi məqsədilə dayanıqlı maliyyəyə keçidin Mərkəzi Bankın maliyyə sektoru üzrə strategiyasının əsas sütunlarından biri kimi müəyyən edildiyini bildirib.
Ön sözdə həmçinin 2024-cü ildə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin uğurla başa çatdığı və bunun yaşıl maliyyəyə axınlarının cəlb edilməsi, investisiya mühitinin təkmilləşdirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində mühüm bir təkan yaratdığı vurğulanıb.
Mərkəzi Bank sədrinin bildirdiyinə görə, qurum COP29 zamanı təşkil edilmiş “Maliyyə Günü”nün gündəliyinə tematik tədbirlərlə önəmli töhfə verib və “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” adlı qlobal təşəbbüsü elan edib.
Taleh Kazımov həmçinin COP29 çərçivəsində Azərbaycan bank sektoru tərəfindən 2030-cu ilədək dayanıqlı və yaşıl layihələrə 2 milyard manat məbləğində vəsaitin ayrılacağını nəzərdə tutan Dayanıqlı maliyyə öhdəliyinin elan olunmasını bank sektorunun dayanıqlı maliyyəyə transformasiyası sahəsində mühüm addım kimi dəyərləndirib.
Mərkəzi Bank sədrinin ön sözdə qeyd etdiyinə görə, qurum tərəfindən “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”nə müvafiq olaraq maliyyə institutlarının dayanıqlı maliyyə üzrə potensialının artırılması, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, iqlim dəyişikliyindən yaranan maliyyə risklərinin idarə edilməsi və digər istiqamətlərdə çoxsaylı təşəbbüslər icra edilib. Bu təşəbbüslər sırasında Yaşıl Taksonomiyanın qəbul edilməsi ölkəmizdə dayanıqlı maliyyənin keyfiyyətcə yeni mərhələyə daxil olmasına zəmin yaratdığı vurğulanıb.
Taleh Kazımov ön sözü Mərkəzi Bankın ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin olunmasında və qlobal iqlim dəyişikliyi ilə mübarizədə lider rolunu daha da möhkəmləndirəcəyinə inamını ifadə edərək yekunlaşdırıb. Onun sözlərinə görə, maliyyə sektorunda həyata keçirilən çoxşaxəli təşəbbüslər ölkəmizin dayanıqlılıq siyasətini dəstəkləməklə yanaşı iqlim və digər ekoloji risklərin maliyyə sektoruna təsirinin azaldılmasına, bütövlükdə makroiqtisadi və maliyyə sabitliyinin artırılmasına xidmət edəcəkdir.