Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən CEME2025 konfransında çıxış edərək ölkədə tətbiq olunan yeni pul siyasəti və əldə edilən nəticələr barədə məlumat verib.
“Ənənəvi mərkəzi bankçıların effektiv olmayacağını düşündüyü faiz kanalından istifadə edərək bu mərhələdə, xüsusən də maliyyə inklüzivliyinin artırılması baxımından uğurlu nəticələr əldə etdik”, – deyə Mərkəzi Bank sədri bildirib.
Kazımovun sözlərinə görə, 2022-ci ilin sentyabr ayından etibarən tamamilə yeni pul siyasəti tətbiq edilməyə başlanılıb və ilk dəfə olaraq ölkədə pul bazarı yaradılıb: “Maliyyə sektorunun miqyasını nəzərə alsaq, pul bazarının kifayət qədər dərin olduğunu söyləyə bilərik”.
Mərkəzi Bank sədrinin sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq dövlət istiqrazları əsasında risksiz faiz dərəcələri üzrə gəlirlilik əyrisi qurulub. Bundan əlavə, pul siyasəti ilə birgə makroprudensial siyasət çərçivəsi də uğurla tətbiq edilir.
Taleh Kazımov 2024-cü ilin nailiyyətlərindən də danışıb. Onun sözlərinə görə, bu il müddətli əmanətçilərin sayında 43 mindən çox artım qeydə alınıb.