Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəsmi sosial media hesabında noyabrın 14-də COP29 çərçivəsində keçirilən Maliyyə, İnvestisiya və Ticarət Günü tədbiri barədə paylaşım edib.
GDP xəbər verir ki, AMB-nin rəhbəri qeyd edib ki, “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə Çoxtərəfli İnkişaf Banklarının, dövlət və özəl sektorun nümayəndələri ilə birlikdə mühüm müzakirələr aparılıb.
Kazımovun sözlərinə görə, tədbirdə spikerlər iqlim dəyişikliyinin qlobal səviyyədə koordinasiya olunan səylər tələb etdiyini vurğulayıblar. Eyni zamanda, tənzimləyici çərçivələrin uyğunlaşdırılması və xüsusilə inkişaf etməkdə olan bazarlarda iqlim maliyyəsinin təşviqi üçün strategiyaların gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
AMB sədrinin paylaşımında bildirilib ki, tədbirin sonunda Azərbaycan bank sektoru tərəfindən ölkədə yaşıl keçidin dəstəklənməsi məqsədilə 2 milyard AZN həcmində maliyyə öhdəliyinin ayrılması elan olunub.
“İnanırıq ki, bu mühüm təşəbbüs dayanıqlı maliyyə ekosistemi yaratmaq istiqamətindəki ortaq səyləri daha da möhkəmləndirəcək”, – deyə Kazımov vurğulayıb.