Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondunun dəvəti və təşkilatçılığı ilə Əl-Ula şəhərində keçirilən “İnkişaf etməkdə olan bazar iqtisadiyyatlarına dair konfrans”da Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov iştirak edib.
Taleh Kazımov konfrans çərçivəsində təşkil olunan “İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə sisteminin dayanıqlılığı” panelində çıxış edərək, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda Azərbaycanın üzləşdiyi çağırışlardan danışıb. O, ölkədə maliyyə sabitliyinin təmin olunmasında Mərkəzi Bankın qabaqlayıcı rejimdə həyata keçirdiyi təşəbbüsləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Mərkəzi Bankının rəhbəri sosial media hesabında konfransla bağlı paylaşım edərək bildirib:
“İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə sisteminin dayanıqlılığı mühüm əhəmiyyət daşıyır. Qlobal mühitdə formalaşan qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda ölkəmiz bu çağırışlara çevik və effektiv cavab vermək üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Mərkəzi Bank olaraq, maliyyə sabitliyini təmin etmək və davamlı inkişafı dəstəkləmək üçün sistemli yanaşma tətbiq edirik.”
O, həmçinin AlUlaCEME2025 konfransının əhəmiyyətini vurğulayaraq əlavə edib:
“İnanırıq ki, bu platforma dayanıqlılığı və inkişafı təşviq edən praktiki həllərin tapılması üçün mühüm rol oynayacaq.”
Qeyd edək ki, konfrans dünya iqtisadiyyatında baş verən dəyişikliklərin müzakirəsi, innovativ maliyyə həllərinin tapılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.