“2025-ci ilin 9 ayı üzrə sığortahaqları 1157 milyon, sığorta ödənişləri isə 684 milyon manat təşkil edib”.
GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Sığortahaqları ötən ilin eyni dövrü ilə müqayisədə 13%, sığorta ödənişləri isə 23.5% artıb. Sığortahaqlarının 76%-i könüllü, 24%-i isə icbari sığorta növlərinin payına düşür. 2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək”.
T.Kazımov əlavə edib ki, proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək: “Mərkəzi Bankın son proqnozlarına görə, baza ssenari üzrə, yəni neftin bir barelinin qiyməti 63.9 dollar və qazın minimum kub metri üçün qiyməti 288 dollardır, beləliklə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3.0 mlrd. manat ətrafında profisit olacağı gözlənilir”.

