Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə ölkənin iqtisadi artım proqnozunu yeniləyib.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib ki, bu il Azərbaycanda ümumi daxili məhsulun 0,5 %, qeyri-neft-qaz sektoru üzrə isə 2,4 % artacağı gözlənilir.
Onun sözlərinə görə, 2027-ci ildə ölkə iqtisadiyyatının 2,6 %, qeyri-neft-qaz sektorunun isə 3,9 % böyüməsi proqnozlaşdırılır.
AMB bundan əvvəl, may ayında 2026-cı ildə Azərbaycanda ÜDM-in 1,1 %, qeyri-neft-qaz sektorunda 3,2 %, 2027-ci ildə isə müvafiq olaraq 3,2 % və 4,7 % artacağını proqnozlaşdırmışdı. Beləliklə, Mərkəzi Bank həm ümumi iqtisadiyyat, həm də qeyri-neft-qaz sektoru üzrə artım gözləntilərini aşağı salıb.
Neft və qazın qiyməti üzrə proqnozlar yüksəldilib
Taleh Kazımov bildirib ki, AMB 2026-cı ildə dünya bazarında neftin bir barelinin orta qiymətinin 87,7 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 327 ABŞ dolları olacağını gözləyir.
2027-ci il üçün neftin orta qiyməti 82,5 ABŞ dolları, təbii qazın qiyməti isə 294 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
AMB-nin may proqnozunda neft və qazın orta qiymətinin 2026-cı ildə müvafiq olaraq 84,5 ABŞ dolları və 324 ABŞ dolları, 2027-ci ildə isə 78 ABŞ dolları və 290 ABŞ dolları olacağı gözlənilirdi.
Strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb
Bu ilin yanvar–iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon ABŞ dolları və yaxud 0,8 % artaraq 85,8 milyard ABŞ dollarına yüksəlib.
AMB sədrinin sözlərinə görə, mövcud strateji ehtiyatlar ölkənin 40 aylıq idxalını maliyyələşdirməyə kifayət edir və geniş manat kütləsini – M2 pul aqreqatını 3,4 dəfə üstələyir.
Mərkəzi Bankın öz valyuta ehtiyatları isə ehtiyatların səmərəli idarə edilməsi və valyuta bazarında həyata keçirilən alışyönlü müdaxilələr nəticəsində 19,4 % və yaxud 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollarına çatıb.
AMB valyuta bazarından 2,1 milyard dollara yaxın vəsait alıb
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycan Mərkəzi Bankı valyuta bazarında 2 milyard 77 milyon ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib.
Taleh Kazımov bildirib ki, ilin ilk altı ayının və iyul ayının nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib.
Bu ilin birinci yarısında AMB hərraclar vasitəsilə 757 milyon ABŞ dolları satıb. Müqayisə üçün, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,6 milyard ABŞ dolları təşkil edib.
Beləliklə, hərraclar vasitəsilə satılan valyutanın məbləğində kəskin azalma qeydə alınıb.
Aprelin 1-dən etibarən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından yalnız 11-i baş tutub. Digər 23 hərracda dollar almaq üçün müraciət edən olmayıb. Baş tutmuş hərraclarda isə ümumilikdə 243,4 milyon ABŞ dolları satılıb.
AMB sədrinin sözlərinə görə, valyuta hərraclarında bu cür vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur.
Əmanətlərin dollarlaşması azalır
Bank sektorunda davam edən dedollarlaşma prosesi də valyuta bazarında təklifin artmasını dəstəkləyib.
2026-cı ilin iyun ayının sonuna rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25,6 % təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azdır.
Qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 8,3 faiz bəndi azalaraq 53,5 %-ə düşüb.
İlin ilk altı ayında fiziki şəxslərin manatla yerləşdirdiyi əmanətlər 11,6 % və yaxud 1,3 milyard manat artaraq iyulun 1-nə 12,5 milyard manata çatıb.
Taleh Kazımov qeyd edib ki, 2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 40 %-dən yüksək olsa da, hazırda bu göstərici 25,6 %-ə enib.
Onun sözlərinə görə, nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki şəxslər satırlar. Bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması və insanların yığımlarını xərcləmək məqsədilə valyuta satması ilə izah etsələr də, AMB manat əmanətlərinin və əmanətçilərin sayının artdığını da müşahidə edir.
2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər olduğu halda, 2026-cı ilin iyun ayının sonuna bu göstərici 220 min nəfərə çatıb. Beləliklə, təxminən iki il yarım ərzində unikal əmanətçilərin sayı iki dəfəyə yaxın artıb.
İdxalın həcminin azalması da valyuta bazarında tələbə azaldıcı təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Banklar kreditləşməyə əlavə 4,6 milyard manat yönəldə bilər
AMB sədrinin sözlərinə görə, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidliyin həcmi 6 milyard manat təşkil edir.
Likvidliklə bağlı tələblər nəzərə alındıqdan sonra bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti qalır. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşmənin genişləndirilməsinə yönəldə bilərlər.
Taleh Kazımov bildirib ki, fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər 2025-ci ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi azalıb.
Yeni verilmiş kreditlər üzrə də faiz dərəcələrinin aşağı düşməsi müşahidə olunub. Fiziki şəxslərə verilən yeni kreditlər üzrə faizlər 0,2 faiz bəndi, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb.
AMB 2025-ci ilin iyun ayından etibarən uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi aşağı salıb. Mərkəzi Bankın qiymətləndirməsinə görə, uçot dərəcəsindəki dəyişikliklərin kredit faizlərinə təsiri təxminən 3–6 ay ərzində özünü göstərir.
Baş bankir kredit faizlərinin arzuolunan tempdə azalmamasının əsas səbəblərindən biri kimi bank sektorunda rəqabətin kifayət qədər yüksək olmamasını göstərib.
Onun fikrincə, bank sektorunda yüksək izafi likvidliyin mövcudluğu qarşıdakı dövrdə həm depozit, həm də kredit faizlərinin aşağı düşməsinə şərait yaradacaq.
İlin sonuna inflyasiya 6,1 % proqnozlaşdırılır
AMB-nin yenilənmiş proqnozlarına əsasən, 2026-cı ilin sonuna Azərbaycanda illik inflyasiyanın 6,1 %, 2027-ci ilin sonuna isə 5,8 % olacağı gözlənilir.
2028-ci ilin iyun ayının sonuna ortamüddətli inflyasiyanın 4,4 % səviyyəsində formalaşacağı proqnozlaşdırılır.
2026-cı ilin iyun ayında Azərbaycanda 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiyası 5,5 % səviyyəsində formalaşıb.
AMB sədrinin sözlərinə görə, inflyasiya əsasən xarici və xərc-təklif amillərinin təsiri altında olub.
Mart ayının sonuna Azərbaycanın ticarət tərəfdaşlarında orta çəkili inflyasiya 7,7 % təşkil edib və bu amil ölkədə inflyasiyaya 2,84 faiz bəndi artırıcı təsir göstərib.
Kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi isə 3,8 % yüksəlib. Bu artımın inflyasiyaya 1,6 faiz bəndi artırıcı təsir göstərdiyi bildirilir.
Mart ayının nəticələrinə əsasən, dövlət istehlakı illik müqayisədə 10,3 %, ev təsərrüfatlarının istehlakı isə 7,4 % artıb. Hər iki amil birlikdə inflyasiyaya təxminən 2 faiz bəndi artırıcı təsir göstərib. Digər amillərin inflyasiyaya 0,67 faiz bəndi azaldıcı təsiri olub.
Cari əməliyyatlar balansında profisit artacaq
Mərkəzi Bank 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında 6,1 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,2 milyard ABŞ dolları profisit gözləyir.
AMB-nin may proqnozunda cari əməliyyatlar balansının profisiti 2026-cı il üçün 5,5 milyard ABŞ dolları, 2027-ci il üçün isə 4,4 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilmişdi.
Sabit məzənnə pul siyasətinin əsas lövbəri olaraq qalır
Taleh Kazımov bildirib ki, sabit məzənnə rejimi Azərbaycan Mərkəzi Bankının pul siyasətinin əsas lövbəri olaraq qalır.
Onun sözlərinə görə, uçot dərəcəsi ilə bağlı qərarlar qəbul edilərkən yalnız cari inflyasiya deyil, növbəti üç ay üzrə gözləntilər, valyuta bazarındakı proseslər və ortamüddətli inflyasiya proqnozları kompleks şəkildə nəzərə alınır.
AMB hesab edir ki, qarşıdakı iki il ərzində inflyasiya hədəf diapazonunda olacaq.
Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi qiymət sabitliyinin təmin edilməsidir. Sabit məzənnə rejimi bu məqsədə nail olmaq üçün əsas lövbər, uçot dərəcəsi isə həmin siyasəti dəstəkləyən alət kimi qiymətləndirilir.
Müəllif: Aynur Qəniyeva

