Bank ABB (Azərbaycan Beynəlxalq Bankı) beynəlxalq nüfuza malik The Banker jurnalının 100 illik yubiley buraxılışında agile bankçılıq sahəsində uğurlu nümunə kimi təqdim edilib. “Agile banking in action: how financial institutions can adapt to a new era” adlı analitik məqalədə Bankın son illərdə həyata keçirdiyi rəqəmsal transformasiya və təşkilati çeviklik təcrübəsi xüsusi vurğulanıb.
Məqalədə qeyd olunur ki, ABB satış, risklərin idarə edilməsi, hiperfərdiləşdirmə və müştəri dəstəyi sahələrində 100-dən çox rəqəmsal məhsul təqdim edib, eyni zamanda 80-dən artıq süni intellekt modelini tətbiq edib. Bu yanaşma Bankın həm əməliyyat səmərəliliyini, həm də müştəri təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Hazırda ABB-də yeni müştərilərin 65 faizdən çoxu rəqəmsal kanallar vasitəsilə cəlb olunur.
Daxili məlumatlara əsasən, agile transformasiyanın tətbiqindən sonra son üç il ərzində məhsulların bazara çıxma müddəti 147 gündən 59 günə endirilib. Eyni zamanda, Willis Towers Watson tərəfindən ölçülən əməkdaş məmnuniyyəti 84,2 faizə, Net Promoter Score (NPS) isə 76,9-a yüksəlib ki, bu da Azərbaycanın bank sektorunda ən yüksək göstəricilərdən biri hesab olunur.
Məqalədə vurğulanır ki, çeviklik təkcə texnoloji yeniliklərlə məhdudlaşmır, əsas amil düşüncə tərzi və komanda davranışlarıdır. ABB müştəri gözləntilərinə uyğun olaraq xidmətlərini pərakəndə bankçılıq tətbiqlərindən tutmuş KOB-lar üçün rəqəmsal platformalara qədər vahid rəqəmsal ekosistemə inteqrasiya edib.
Bununla yanaşı, Bankın innovasiyaya açıq yanaşması və fintex-startaplarla əməkdaşlıq modeli də xüsusi qeyd olunub. Bu çərçivədə yaradılan ABB Innovation Company yeni ideyaların daha sürətli şəkildə bazara çıxarılmasına və Bankın həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəqəmsal maliyyə lideri kimi mövqelənməsinə töhfə verir.
The Banker jurnalında yer alan məqalədə nəticə olaraq bildirilir ki, Azərbaycanın bank sektoru sürətlə rəqəmsallaşan və rəqabətin artdığı bir mərhələdədir və bu şəraitdə əsas sual bankların çevikliyi qəbul edib-etməməsi deyil, onu nə qədər tez və effektiv şəkildə tətbiq edə bilmələridir.


