Türk Dövlətləri Fintex Alyansının ilk İdarə Heyəti iclası 19 fevralda İstanbulda keçirildi. TÖDEB (Türkiyə Ödəniş və Elektronik Pul Qurumları Birliyi) və AzFina (Azərbaycan Fintex Assosiasiyası) üzvlərindən ibarət heyətin bir araya gəldiyi görüşdə Alyansın strateji planları, əməkdaşlıq imkanları və fəaliyyətin genişləndirilməsi istiqamətləri müzakirə edilib.
GDP xəbər verir ki, iclasda Alyansın rəhbər heyəti müəyyən edilib.
TÖDEB-in başqanı Ufuk Bilgetekin Alyansın sədri, AzFina İdarə Heyətinin sədri Ruslan Talibov isə sədr müavini seçilib.
Görüş zamanı fintex ekosistemində tənzimləmə uyğunlaşdırılması, sərhədlərarası pul köçürmələrinin sadələşdirilməsi və rəqəmsal ödəniş sistemlərinin inteqrasiyasının genişləndirilməsi kimi strateji məqsədlər qeyd edilib.
İclasın sonunda Türkiyə Prezident Administrasiyası Finans Ofisinin rəhbər müavini Necip Fazıl Kaymak İdarə Heyətinin üzvlərini qəbul edərək, müzakirə olunan mövzular barədə məlumat alıb.
Türk dövlətləri arasında fintex sahəsində əməkdaşlığın gücləndirilməsi üçün atılan bu addım, regionda rəqəmsal maliyyə ekosisteminin inkişafına əhəmiyyətli töhfə verəcək. Gələcəkdə daha böyük layihələr və tərəfdaşlıqlarla bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi gözlənilir.