Türk İnvestisiya Fondunun (TİF) Baş direktoru Ramil A. Babayev 16 yanvar 2026-cı il tarixində AZCON Holding və Azercell Telecom şirkətlərinin nümayəndə heyətləri ilə görüş keçirib.
TİF-dən verilən məlumata görə, görüşdə Fondun Maliyyə üzrə Baş Direktoru Betul Sarikaya və İnvestisiya üzrə Baş Direktoru Sanjar Usmanov da iştirak edib.
AZCON Holding-i Maliyyə üzrə Baş Direktor Taylan Tekeli və Maliyyə İnstitutları Portfeli üzrə rəhbər İlham Mustafazade təmsil edib. Azercell Telecom-un nümayəndə heyətinə isə Maliyyə üzrə Baş Direktor Tural Pirverdiyev, Topdansatış üzrə rəhbər Deniz Bayındır və Korporativ Satışlar üzrə menecer Ceyhun Tağıyev daxil olub.
Görüş zamanı Ramil A. Babayev TİF-in türk dünyası üzrə iqtisadi inteqrasiyanın gücləndirilməsinə yönəlmiş mandatı barədə məlumat verərək, Fondun üzv ölkələr arasında rəqəmsal bağlantıların inkişafı və ticarətin asanlaşdırılması istiqamətində investisiyalara xüsusi diqqət ayırdığını vurğulayıb.
AZCON Holding və Azercell Telecom nümayəndələri isə bağlantı və rəqəmsallaşma sahələrində icra olunan və planlaşdırılan layihələrini təqdim edərək, qarşılıqlı faydalı təşəbbüslər çərçivəsində TİF ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüş tərəflər arasında dialoqun davam etdirilməsi, əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və TİF, AZCON Holding və Azercell Telecom arasında strukturlaşdırılmış və sistemli tərəfdaşlıq üçün əsasların yaradılması barədə razılıqla yekunlaşıb.

