Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Bank of America Corp-dakı payını azaltmağa davam edib.
GDP xəbər verir ki, Berkshire ötən cümə axşamı və cümə günləri, eləcə də bazar ertəsi günü bankın 14 milyon səhmini satıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, ümumi satış qiyməti təxminən 550 milyon dollar təşkil edib.
İyulun ortalarından etibarən Baffetin investisiya şirkəti Bank of America-dakı payını 4,3 milyard dollardan çox azaldıb, lakin ən böyük səhmdar olaraq qalır. Hazırda o, bankın təxminən 37 milyard dollar dəyərində 928 milyon səhminə və ya ümumi nizamnamə kapitalının təxminən 12%-nə sahibdir.
İnvestorları Berkshire-in bankın səhmlərinin satışını nə vaxt dayandırmağı planlaşdırması maraqlandırır. Əgər Baffet Bank of America-dakı payını 10%-dən aşağı salsa, şirkətdən artıq iki iş günü ərzində bankın qiymətli kağızları ilə bağlı əməliyyatları açıqlaması tələb olunmayacaq.