2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 674 min 984 vahid təşkil edib.
GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Məlumatda göstərilən rəqəmlər əsasında bildirmək olar ki, bu göstərici 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 77 min 755 vahid və ya 4,87% çoxdur. Artım fonunda strukturda cüzi dəyişiklik müşahidə olunub: fiziki şəxslərin payı 87%-dən 0,2% azalaraq 86,8%-ə düşüb , hüquqi şəxslərin və digər təşkilatların payı isə 13%-dən 0.2% artaraq 13,2%-ə yüksəlib.
Vergi uçotunda olan kommersiya qurumlarının ümumi sayı da artıb. 2026-cı ilin yanvar ayının 1-nə bu göstərici 204 min 65 vahid olub. 2025-ci ilin eyni dövründə kommersiya qurumlarının sayı 190 min 367 vahid idi. Beləliklə, bir il ərzində kommersiya qurumlarının sayı 13 min 698 vahid və ya 7,20% artıb. Bu dinamika bazarda mövcud qurumların fəaliyyətini davam etdirməsi və ləğvetmələrin nisbətən az olması ilə izah oluna bilər.
Bununla yanaşı, yeni yaradılan kommersiya qurumlarının sayında azalma qeydə alınıb. 2025-ci ildə 14 min 51 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 14 min 441 vahidlə müqayisədə 390 vahid və ya 2,70% azdır. Azalma əsasən yerli investisiyalı kommersiya qurumlarının hesabına formalaşıb. Belə ki, yerli investisiyalı qurumların sayı təxminən 433 vahid və ya 3,36% azalaraq 12 min 463-ə enib. Xarici investisiyalı kommersiya qurumlarının sayı isə əksinə, 43 vahid və ya 2,78% artaraq təxminən 1 min 588-ə yüksəlib, nəticədə onların ümumi payı 10,7%-dən 11,3%-ə çatıb.
Qeydiyyat üsulları üzrə də dəyişikliklər müşahidə olunur. 2025-ci ildə kommersiya qurumlarının 85,1%-i elektron qaydada qeydiyyata alınıb ki, bu da 2024-cü ilin 83,4%-lik göstəricisi ilə müqayisədə 1,7 faiz bəndi artım deməkdir. Elektron qeydiyyatın mütləq sayı cüzi yəni 87 vahid və ya -0,72%, azalsa da, kağız daşıyıcılar üzərindən edilən müraciətlər 303 vahid və ya 12,64% azalaraq rəqəmsallaşmanın sürətləndiyini göstərir. Xüsusilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərdə elektron qeydiyyatın xüsusi çəkisi 96,5%-ə çatıb.
Müəllif:Aynur Qəniyeva

