2024-cü ildə vergi daxilolmalarının həcmi 15.8 milyard manatı ötüb. Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımlar isə 22.8 milyard manat olub. Bu göstərici Dövlət Vergi Xidmətinin bütün fiskal yığımlarda payını 77%-ə çatdırıb.
GDP xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxış edərkən 2024-cü ildəki vergi yığımlarının artımını açıqlayıb.
Orxan Nəzərli bildirib ki, bu rəqəmlər vergi sisteminin optimallaşdırılması və vergi ödəyiciləri ilə işin gücləndirilməsi nəticəsində əldə olunub.
Ötən illər ilə müqayisədə, vergi ödəyicilərinin sayı da əhəmiyyətli dərəcədə artıb. 2019-cu illə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 1.8 dəfə artaraq 2024-cü ildə 800 mini üstələyib. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin sözlərinə görə, vergi ödəyicilərinin bu qədər artması vergi sisteminə olan inamın gücləndiyini göstərir.
Ən mühüm artım isə ƏDV ödəyicilərində müşahidə olunub. 2024-cü ildə ƏDV ödəyicilərinin sayı 52.8 minə çatıb ki, bu da əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artım deməkdir. Nəzərli vurğulayıb ki, bu artım iqtisadiyyatın rəsmi sektorda daha çox fəaliyyət göstərməsinə və qeyri-qanuni əməliyyatların azalmasına gətirib çıxarır.
Vergi yığımlarının artımı ilə əlaqədar olaraq, Dövlət Vergi Xidməti bir sıra yeni təşəbbüslər və sistemlərin tətbiqinə başladığını qeyd edib. Bu təşəbbüslər arasında vergi ödəyicilərinə daha çevik xidmətlərin göstərilməsi və vergi ödəmələrinin daha da şəffaflaşdırılması üçün innovativ texnologiyaların istifadəsi də mövcuddur.