Niderland İnkişaf Bankı (FMO) Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları həcmində uzunmüddətli kredit ayırıb.
GDp xəbər verir ki, bu maliyyələşmə 2024-cü ildə ölkəyə cəlb edilən ikinci iri həcmli xarici investisiya hesab olunur.
FMO ilə “Araz” supermarketlər şəbəkəsi arasında imzalanan müqavilə əsasında həyata keçirilən layihə, bankın Azərbaycanda ilk dəstəklədiyi aqrobiznes layihəsi kimi qiymətləndirilir. Layihənin əsas hədəfləri arasında yeni logistika anbar kompleksinin inşası, infrastrukturun genişləndirilməsi və müştəri xidmətinin keyfiyyətinin artırılması durur.
Maliyyə dəstəyi Azərbaycanın pərakəndə ticarət və aqrobiznesi üçün əhəmiyyətli perspektivlər açır. Layihə vasitəsilə regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq, kiçik və orta ölçülü fermerlərin bazara çıxışı asanlaşdırılacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, bu investisiya Azərbaycanda iqtisadi aktivliyin artırılmasına, kənd təsərrüfatının inkişafına və qadınların işlə təminatının genişləndirilməsinə töhfə verəcək.
Şirkətlər Qrupunun rəhbərliyi layihənin ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətini vurğulayaraq, FMO ilə əməkdaşlığın genişləndirilməsinin planlaşdırıldığını bildirilib.