Azərbaycan Texniki Universitetində fintex laboratoriyasının açılış mərasimində çıxış edən Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov rəqəmsal maliyyənin strateji əhəmiyyətindən danışıb.
Vüsal Xəlilov bildirib ki, son 10 ildə Dünya Bankı və BIS-in hesabatları rəqəmsal maliyyənin iqtisadi inkişafı sürətləndirmək üçün əsas alətə çevrildiyini göstərir: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil. Stanford, Kaliforniya Universiteti kimi aparıcı təhsil ocaqları bu cür laboratoriyalar yaradır. Azərbaycanda ilk dəfə Texniki Universitetdə belə bir laboratoriyanın açılması çox vacib hadisədir”.
O, 11 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə keçən müşavirədə rəqəmsallaşma və süni intellekt inkişafının ölkənin strateji prioritetləri kimi müəyyən edildiyini xatırladıb. Son 8 ildə maliyyə sektorunun ən çox rəqəmsallaşan sahə olduğunu vurğulayan Xəlilov, bir neçə il öncə pos-terminalların yalnız mərkəzdə olduğunu, indi isə Apple Pay və Google Pay ilə ödənişlərin mümkünlüyünü buna misal göstərib.
“Rəqəmsallaşmanın ən vacib çağırışı kadr çatışmazlığıdır. Ölkələr bu sahədə daha çox kadr cəlb etmək üçün mübarizə aparır. Bu laboratoriya Texniki Universitetin tələbələri üçün böyük fürsətdir”, – deyə o qeyd edib.
Xəlilov fintex sahəsinin geniş spektrini vurğulayaraq tələbələrə yalnız ödəniş sistemləri ilə məhdudlaşmamağı, kredit sistemləri, regtex və subtex kimi istiqamətlərdə də karyera qura biləcəklərini tövsiyə edib. Mərkəzi Bankda açıq bankçılıq, uzaqdan müştəri identifikasiyası kimi layihələrin icra olunduğunu və bu laboratoriyada yetişən tələbələrin həm özəl sektorda, həm də Mərkəzi Bankda karyera qura biləcəklərini bildirib.
Sonda tələbələrə müraciət edən Vüsal Xəlilov onları bu fürsətdən maksimum yararlanmağa, mütəxəssislərə suallar verməyə və biliklərini artırmağa çağırıb.

