Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, biz Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik.
Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, bu göstəricinin ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması ilə əlaqədar olduğunu qeyd edib.
“2025-ci ilin ilk 10 ayı ərzində ölkədə nağdsız ödənişlərin xüsusi çəkisi 67%-ə yüksəlib. Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir” – deyə sədrin müavini vurğulayıb.
Xəlilov açıqlayıb ki, hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:
“Biz son aylarda diqqəti yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin AZQR vasitəsilə genişlənməsinə yönəltmişik. Əlavə olaraq, biz Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik.”
Sektorla birgə atılan addımlar nəticəsində həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsinin əhəmiyyətli şəkildə artdığını bildirən Xəlilov, rəqəmsal ödənişlərin genişlənməsinin maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaratdığını ifadə edib.

