WTI xam neft fyuçersləri Norveçin Qərbi Avropadakı ən böyük neft yatağı olan Johan Sverdrup yatağında elektrik kəsintisi səbəbindən istehsalın dayandırılması xəbərindən sonra 2.5%-dən çox artaraq barrel üçün 68.8 dollara yüksəlib.
GDP xəbər verir ki, bu gözlənilməz bağlanma Şimal dənizi bazarında təchizatla bağlı narahatlıqları artırıb. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində artan gərginlik də qiymətlərin bahalaşmasına təsir edib.
Rusiya genişmiqyaslı hava hücumu ilə Ukraynanın elektrik infrastrukturuna ciddi ziyan vurub.
Qeyd edək ki, ötən həftə neft qiymətləri Çin iqtisadiyyatının zəif göstəriciləri və Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilədək qlobal neft təchizatında artıqlıq proqnozları fonunda 3%-dən çox ucuzlaşmışdı.
Qeyd: WTI (West Texas Intermediate) – Amerika Birləşmiş Ştatlarının Texas ştatında hasil edilən və dünya neft bazarında əsas etalon növlərindən biri sayılan xam neftdir.