Ödəniş və elektron pul təşkilatlarının (fintexlərin) fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm dəyişikliklər təsdiqlənib. Bu barədə açıqlama verən Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləyici fəaliyyətlər üzrə bölmənin rəhbəri, Xəyaləddin Tağıyev, bildirib ki, ölkədə fintex sektoruna nəzarəti həyata keçirən əsas normativ sənəd — “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na edilən dəyişikliklər sektorun institusional dayanıqlığının gücləndirilməsinə yönəlib.
GDP-nin məlumatına görə o bildirib ki, dəyişikliklərə əsasən, məcmu kapitalın komponentləri və hesablanma mexanizmi yenilənib, daxili nəzarət funksiyasını icra edən struktur bölmələr üzrə yeni tələblər müəyyən edilib, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin uçotu ilə bağlı normalar daha da dəqiqləşdirilib. Eyni zamanda, hesabatlılıq, biznes planı və fəaliyyət proqramlarına dair tələblər təkmilləşdirilib. Lisenziyalaşdırma çərçivəsində isə fintexlər üçün zəruri informasiya sistemləri və texnoloji infrastrukturun mövcudluğu, informasiya təhlükəsizliyinin kənar İT auditoru tərəfindən qiymətləndirilməsi, eləcə də müvafiq hallarda audit olunmuş maliyyə hesabatlarının təqdim edilməsi kimi əlavə tələblər müəyyən edilib.
Qaydalar 30 dekabr 2025-ci il tarixindən qüvvəyə minib, lakin məcmu kapitalın minimum məbləği və təşkilati strukturun, eləcə də əsas funksiyaların üçüncü tərəf təchizatçılarına ötürülməməsi ilə bağlı tələblərin tətbiqi üçün 12 aylıq keçid müddəti nəzərdə tutulub.
Qeyd olunur ki, bu dəyişikliklər fintex sektorunda risklərin idarə olunmasının gücləndirilməsi, şəffaflığın artırılması və korporativ idarəetmənin daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir.

