Azərbaycan Texniki Universitetində (ATU) fintex sahəsi üzrə ixtisaslaşmış yeni tədris laboratoriyasının təqdimat mərasimi keçirilib.
GDP xəbər verir ki,açılış mərasimində çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş Xidmətləri və Ödəniş Sistemlərinin Fəaliyyətinin Tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev layihənin əhəmiyyətindən danışıb.
Yaradılan laboratoriya iki əsas istiqamət üzrə fəaliyyət göstərəcək. Birinci istiqamət informasiya texnologiyaları, ikinci istiqamət isə iqtisadiyyatdır. Bu bölgü təsadüfi deyil. Müasir maliyyə texnologiyaları (fintex) dedikdə geniş spektrli sahələr əhatə olunur: ödəniş xidmətləri, kredit bankçılığı, rəqəmsal valyutalar və s. Məhz bu sahələrin inkişafı üçün həm texniki biliklər, həm də iqtisadi analiz bacarığı tələb olunur.
Layihə çərçivəsində hər istiqamət üzrə 15 nəfər olmaqla, ümumilikdə 30 tələbə təhsil alacaq. Tədris prosesi praktiki biliklərə əsaslanacaq. Bunun üçün üç aparıcı maliyyə təşkilatı – United Payment, Global Innovations və daha bir təşkilat (BB MM) mentor qismində çıxış edəcək. Bu şirkətlər öz sistemlərini laboratoriyaya inteqrasiya edərək tələbələrə real iş mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
İqtisadiyyat istiqaməti üzrə təhsil alan tələbələr üçün isə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının üzv təşkilatlarının kadr potensialından istifadə olunacaq. Burada əsas diqqət daxili nəzarət, risklərin idarə edilməsi, daxili audit və komplayans kimi sahələrə yönələcək.
Layihənin ən mühüm xüsusiyyəti tələbələrin sadəcə nəzəri bilik əldə etməsi ilə məhdudlaşmamasıdır. Onlar real rejimdə, faktiki olaraq həmin təşkilatların işçisi statusunda çalışacaq və mentor şirkətlərin layihələrini laboratoriya üzərindən həyata keçirəcəklər. Tədris müddəti başa çatdıqdan sonra isə tələbələrin həmin təşkilatlarda işlə təmin olunması nəzərdə tutulur.
Müəllif:Aynur Qəniyeva

