ASC “Xalq Bankı” yeni istiqraz emissiyasını elan edib. Bank investorlar üçün ümumi dəyəri 5 milyon manat olan, illik 9% kupon gəliri gətirən və 2 il müddətinə nəzərdə tutulan təminatsız adlı istiqrazlar buraxacaq.
GDP xəbər verir ki,istiqrazların ilkin yerləşdirilməsi “Bakı Fond Birjası”nın ticarət platforması vasitəsilə həyata keçiriləcək.
Məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olmaqla ümumilikdə 50 min ədəd istiqraz buraxılacaq. İstiqrazlar üzrə kupon ödənişləri hər 90 gündən bir həyata keçiriləcək. Qiymətli kağızlar təminatsız xarakter daşıyır və dövriyyə müddəti 2 il təşkil edir.
Bank bildirir ki, emissiyadan cəlb olunacaq vəsait əsasən kredit portfelinin artırılmasına yönəldiləcək. Bu vəsait hesabına korporativ, istehlak və ipoteka kreditlərinin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu addım bankın alternativ maliyyə mənbələrindən istifadə imkanlarını genişləndirməsi kimi dəyərləndirilir.
Emissiya prospektində bankın maliyyə göstəricilərinə də yer verilib. Qeyd olunur ki, 2024-cü ildə Xalq Bankının xalis mənfəəti 65,9 milyon manat, ümumi aktivləri 3,04 milyard manat, ümumi kapitalı isə 501,1 milyon manat təşkil edib. Həmçinin beynəlxalq “Moody’s” reytinq agentliyi 2024-cü ilin iyul ayında bankın ödəmə qabiliyyəti reytinqini yüksəldib və 2025-ci ildə bu reytinqi təsdiqləyib.
Sənəddə investorlar üçün mümkün risklər də açıqlanır. Bunlara bazar riskləri, makroiqtisadi amillər, kredit riski, eləcə də tənzimləyici və geosiyasi risklər daxildir. Bank risklərin idarə olunması məqsədilə yüksək likvid aktivlər saxladığını və mütəmadi stress-testlər apardığını bəyan edib.
İstiqrazların yerləşdirilməsində “Xalq Kapital İnvestisiya Şirkəti” anderrayter, “Bakı Fond Birjası” ticarət platforması, “Milli Depozitar Mərkəzi” isə depozitar və ödəniş agenti kimi iştirak edəcək.
Qeyd edək ki, bu emissiya üzrə fiziki şəxslər üçün vergi güzəşti tətbiq olunur. Azərbaycan qanunvericiliyinə əsasən, fond birjasında ticarətə buraxılmış istiqrazlar üzrə faiz gəlirləri fiziki şəxslər üçün gəlir vergisindən azaddır. Bu güzəşt 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə qüvvədədir.
İstiqrazlar üzrə abunə yazılışı emissiya prospektinin dövlət qeydiyyatına alınmasından sonra 20 iş günü ərzində başlayacaq və 3 iş günü davam edəcək. Yerləşdirmə prosesinin isə 7 iş günü ərzində başa çatdırılması nəzərdə tutulur.

