Smartfon və məişət texnikası istehsalında dünya liderlərindən biri olan “Xiaomi” şirkəti elektrik avtomobil bazarına daxil olmağa hazırlaşır.
GDP xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Tesla Model Y”-nin rəqibi olacaq elektrikli krossover 2025-ci ilin birinci rübündə satışa çıxarılacaq. MX11 kod adını daşıyan yeni avtomobilin texniki xüsusiyyətləri və qiyməti hələlik məxfi saxlanılır.
Ekspertlər bildirirlər ki, “Xiaomi”nin krossoverinin qiyməti Çində 34 500 dollara (təxminən 58 650 manat) satılan “Tesla Model Y”-dən xeyli ucuz olacaq.
“Xiaomi” avtomobilinin bazara çıxması ilə elektrikli avtomobil bazarında rəqabətin daha da güclənəcəyi və qiymətlərin aşağı düşəcəyi gözlənilir.