Yapı Kredi Bank Azərbaycanın Satış və Marketinq üzrə Baş Direktor müavini, İdarə Heyətinin üzvü Sinan Ağırbaş 2025-ci ilin bank üçün uğurlu nəticələrlə başa çatdığını bildirib.
GDP xəbər verir ki, Ağırbaş sosial mediada paylaşdığı açıqlamasında qeyd edib ki, 2025-ci il Yapı Kredi Bank Azərbaycan üçün güclü performans, intizamlı böyümə və strateji transformasiyanın ön plana çıxdığı bir dövr olub. O vurğulayıb ki, komanda müştəri təcrübəsi, rəqəmsallaşma, məhsul çeşidliliyi və davamlı gəlirlilik sahələrində əhəmiyyətli irəliləyişlər əldə edib.
Bank rəhbəri keçən ilin qlobal və regional miqyasda qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının davamlılıq nümayiş etdirdiyini qeyd edib. Qeyri-neft sektorlarındakı genişlənmə, maliyyə sisteminin güclənməsi və islahat yönümlü yanaşmanın bank sektoru üçün etibarlı zəmin yaratdığını bildirib.
2026-cı il üçün planlar barədə məlumat verən Ağırbaş deyib ki, bank yeniləşmə, məhsuldarlıq və davamlı böyümə prioritetləri ilə yeni ilə gedir. Rəqəmsal transformasiya layihələrinin həyata keçiriləcəyi, müştəri yönümlülüyünün daha da güclənəcəyi və Azərbaycan iqtisadiyyatına töhfə verəcək dəyərli layihələrin reallaşdırılacağı bildirilib.
Sinan Ağırbaş 2026-cı ilin hamı üçün sağlamlıq, xoşbəxtlik və uğur gətirməsini, eləcə də etimad, əməkdaşlıq və yeni imkanların ön planda olduğu bir il olmasını arzulayıb.

