Yaponiya Mərkəzi Bankı (BoJ) oktyabr ayında keçirilən iclasında əsas qısamüddətli faiz dərəcəsini yekdilliklə 2008-ci ildən bəri ən yüksək səviyyə olan 0.25 faiz səviyyəsində saxlayıb. Bu qərar bazar gözləntilərinə uyğun olub.
GDP xəbər verir ki, qərar Yaponiyadakı seçkilərdən sonra dəyişən siyasi mənzərə və ABŞ prezident seçkiləri ərəfəsində qəbul edilib. Bank rəhbəri Kazuo Ueda qlobal iqtisadi perspektivlərlə bağlı artan qeyri-müəyyənliklə əlaqədar narahatlığını ifadə edib. O bildirib ki, mart və iyul aylarında faiz artımlarından sonra risk faktorlarını təhlil etmək üçün kifayət qədər vaxt var.
Bankın Siyasət Şurası iqtisadi və qiymət göstəriciləri proqnozlara uyğun gəldiyi təqdirdə, gələcəkdə faiz dərəcələrini artırmağa hazır olduqlarını təsdiqləyib.
Rüblük hesabatda Mərkəzi Bank 2024-cü maliyyə ili üçün baza inflyasiya proqnozunu 2.5% səviyyəsində saxlayıb. 2025 və 2026-cı maliyyə illəri üçün isə inflyasiyanın 1.9% səviyyəsində olacağı gözlənilir.
ÜDM-lə bağlı proqnozlara gəlincə, Mərkəzi Bank 2024-cü maliyyə ili üçün artım proqnozunu 0.6% səviyyəsində saxlayıb. Bundan əlavə, 2025-ci maliyyə ili üçün 1.1%, 2026-cı maliyyə ili üçün isə 1.0% artım proqnozlaşdırır.