Məşhur Amerika repçisi və dizayneri Ye (Kanye West) tərəfindən buraxılan YZY kriptovalyutası bazar debütündən sonra kəskin ucuzlaşma ilə üzləşib.
GDP xəbər verir ki, tokenlər Bakı vaxtı ilə avqustun 21-də səhər saat 04:00-da bazara təqdim edilib və qısa müddətdə 70% dəyər itirib.
Buraxılışın ilk saatlarında YZY tokenlərinin ticarət həcmi 1 milyard dollara çatıb. Kriptovalyutanın qiyməti pik nöqtəsində 3,42 dollara yüksələrək kapitalizasiyasını 1 milyard dolları keçib. Lakin bu yüksəliş uzun sürməyib və tokenlərin qiyməti sürətlə aşağı düşüb.
Ekspertlər bu kəskin dəyər itkisində bazar dəyişkənliyini və investorların ilkin həyəcanının səngiməsini əsas səbəb kimi göstərirlər. Ye-nin musiqi və moda sahəsindəki populyarlığına baxmayaraq, YZY kriptovalyutasının gələcək trayektoriyası ilə bağlı bazar iştirakçıları arasında tərəddüdlər yaranıb.