Azərbaycan Mərkəzi Bankının ötən il uçot dərəcəsini və faiz dəhlizini azaltması bank sektorunda müsbət nəticələr verib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda məlumat verib.
Nuriyevin sözlərinə görə, 2023-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddini 9%-dan 8.25%-ə, aşağı həddini isə 6,5%-dən 6,25%-ə endirib. Bu proses 2024-cü ildə də davam etdirilib.
“Ötən il təminatsız banklararası bazarın həcmi 101 milyard manatı keçib və istinad faiz dərəcəsi uçot faizi həddi səviyyəsində olub. Bu, bank sektoru üçün əhəmiyyətli nailiyyətdir,” – deyə Nuriyev qeyd edib.
ABA sədri vurğulayıb ki, artıq Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsi ilə bazarda formalaşan faiz dərəcələri bir-birinə yaxınlaşıb və qarşılıqlı dəstəkləyici xarakter daşıyır.