Maliyyə münasibətlərinin mürəkkəbləşdiyi, kredit öhdəliklərinin isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə zaminlik institutu xüsusilə aktual mövzulardan biridir. Təcrübədə zamin olan şəxslərin hüquq və öhdəlikləri, bankların tələbləri, iddia müddətləri və zaminliyə xitam halları ilə bağlı çoxsaylı suallar və mübahisələr yaranır. Bu suallara hüquqi baxımdan aydınlıq gətirmək məqsədilə bugünkü müsahibəmizdə kredit mübahisələri və zaminlik institutu mövzusunu müzakirə etdik. Qonağımız təcrübəli hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank hüququ üzrə mütəxəssis Misirə Xəlilzadədir.
Misirə xanım, ilk növbədə qeyd edə bilərsizmi – zaminlik nədir və hansı hallarda tətbiq olunur?
Təşəkkür edirəm. Zaminlik – mülki hüquqda bir şəxsin (zaminin), borclunun borcuna görə kreditor qarşısında məsuliyyət daşıması barədə öhdəlik götürməsidir. Əsas məqsəd – kreditorun borcun geri qaytarılmasına olan inamını artırmaqdır. Zaminlik müqavilə əsasında və yazılı formada bağlanmalıdır, əks halda hüquqi qüvvəyə malik olmur.
Zamin borcluya bərabər məsuliyyət daşıyırmı? Yəni kreditor istədiyi zaman birbaşa zamindən də tələb edə bilərmi?
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu o deməkdir ki, əsasən, kreditor əvvəlcə borcludan tələb etməlidir. Lakin əgər müqavilədə başqa cür nəzərdə tutulubsa, kreditor birbaşa zamindən də tələblə çıxış edə bilər. Bu, müqavilənin şərtlərindən asılıdır.
Bəs zaminin məsuliyyəti nə vaxt başa çatır? Zaminliyə xitam hansı hallarda verilir?
Zaminliyə bir neçə halda xitam verilir:
- Əsas borcun tam ödənməsi ilə;
- Zaminlik müqaviləsində göstərilən müddətin başa çatması ilə;
- Kredit şərtlərində zaminin razılığı olmadan dəyişiklik edilərsə;
- Borcun güzəştə gedilməsi və ya bağışlanması;
- Borcun iddia müddətinin ötürülməsi ilə.
Xüsusilə vurğulamaq lazımdır ki, əgər kreditor və borclu arasında zaminin razılığı olmadan əsas müqaviləyə dəyişiklik edilərsə, bu, zaminin məsuliyyətini ortadan qaldıra bilər.
İddia müddəti məsələsinə toxundunuz. Kredit borclarında iddia müddəti neçə ildir və bu müddət ötürülərsə, nə baş verir?
Mülki Məcəlləyə görə, ümumi iddia müddəti 1 ildir. Bu müddət borcun qaytarılması öhdəliyi pozulduğu andan – yəni ödənilməli olduğu gündən başlayır. Əgər bu müddət ərzində kreditor məhkəməyə müraciət etməzsə və ya icra hərəkətləri görülməzsə, o zaman borcun məcburi qaydada alınması hüququ qüvvədən düşə bilər.
Lakin bu o demək deyil ki, borc silinir. Borc qalır, sadəcə olaraq kreditor artıq məhkəmə və ya icra vasitəsilə onu tələb edə bilməz.
Bəs belə bir sual: Əgər kredit müqaviləsində zaminlə bağlı müddət qeyd olunmayıbsa, bu zaminin məsuliyyətini necə təsir edir?
Əgər zaminlik müqaviləsində müddət göstərilməyibsə, o zaman zaminlik borcun qüvvədə olduğu müddət ərzində davam edir. Amma qeyd etməliyəm ki, Mülki Məcəlləyə görə, zamindən məsuliyyətin tələb oluna bilməsi üçün maksimum müddət 1 ildir – əsas borc üzrə icra müddəti başa çatdıqdan sonra. Bu müddət ərzində kreditor zamindən tələb irəli sürməzsə, zaminin məsuliyyətinə xitam verilir.
Zaminlərin hüquqlarını necə müdafiə edə bilərik? Əgər zamin borcu ödəyibsə, borcluya qarşı hansı hüquqları yaranır?
Əgər zamin borcu kreditor qarşısında ödəyibsə, onun borcluya qarşı regress tələbi yaranır. Bu o deməkdir ki, zamin ödədiyi məbləği borcludan tələb edə bilər. Bu, Mülki Məcəllənin müvafiq maddələrində açıq şəkildə əksini tapıb. Lakin təcrübədə belə tələblərin icrası bəzən çətinlik törədir – borclu itkin düşə, gəliri olmaya bilər və s. Ona görə zaminlik öhdəliyi götürməzdən əvvəl risklər yaxşı dəyərləndirilməlidir.
Müsahibəyə görə təşəkkür edirəm, Misirə xanım. Son olaraq oxucularımıza nəyi tövsiyə edərdiniz?
Tövsiyəm budur ki, istər borc alan, istərsə də zamin olan şəxs kredit müqaviləsini imzalamazdan əvvəl bütün şərtləri diqqətlə oxusun, hüquqi məsləhət alsın və mümkün riskləri tam dərk etsin. Hüquqi savadlılıq mübahisələrin qarşısını almağın ən effektiv yoludur. Peşəkar hüquqi yardım üçün isə vəkilə müraciət edilməsi zəruridir.

