İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclasda maliyyə və təşkilati məsələlərlə yanaşı, İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib.
Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək və bu risklərə uyğun qərarların qəbulu üçün zəruri əsaslar yaratmaqdır. Komitə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edəcək, həmçinin strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyacaq.
İclasda həmçinin Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Komitənin sədri Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli seçilib. Komitənin üzvləri isə “Qala Sığorta” ASC-dən Famil Əliyev və “Paşa Sığorta” ASC-dən Araz Məmmədov təyin edilib.
Bu qərarlar İSB-nin risk idarəetmə sistemini daha da gücləndirmək və sığorta bazarında sabitliyi təmin etmək istiqamətində atılmış addımlar kimi qiymətləndirilir.

