Cari ilin III rübündə steyblkoin köçürmələrinin həcmi saatda 400 milyon dolları ötərək rüb ərzində 891 milyard dollara çatıb.
GDP xəbər verir ki, “Coinbase”in sifarişi ilə hazırlanmış hesabatda bu köçürmələrin 73%-nin ABŞ banklarının qeyri-iş vaxtlarına — gecə saatlarına, həftəsonlarına və bayram günlərinə təsadüf etdiyi göstərilib.
Hesabata əsasən, ABŞ-nin 10 ən böyük bankından 7-si artıq steyblkoinləri və ya tokenləşdirilmiş depozitləri sınaqdan keçirib. Sərhədlərarası fəaliyyət göstərən orta ölçülü şirkətlərin isə 30%-i onların istifadəsi üzrə pilot layihələr həyata keçirir.
Analitiklərin hesablamalarına görə, beynəlxalq ödənişlərin tam şəkildə steyblkoinlərə keçirilməsi qlobal ümumi daxili məhsula əlavə 155 milyard dollar töhfə verə bilər.
“DefiLlama”nın məlumatına əsasən, steyblkoin bazarının kapitallaşması 301,42 milyard dollar təşkil edir.
Qeyd: Steyblkoinlər dəyəri ABŞ dolları kimi valyutaya və ya digər aktivə bağlı saxlanılan kriptovalyutalardır.
