Dünya üzrə mərkəzi banklar qızıl alışını kəskin artırmaqla yanaşı, ehtiyatlarının bir hissəsini ABŞ-dan çıxarmağa başlayıblar.
GDP xəbər verir ki, FORTUNE nəşrinin məlumatına görə, Goldman Sachs-ın hesablamaları əsasında avqust ayında dünya mərkəzi bankları ümumilikdə 79 ton qızıl alıblar. Bu göstərici 2022-ci ildən əvvəl qeydə alınan orta aylıq 17 tonluq alış həcmindən 4,6 dəfə çoxdur.
Ən böyük alıcı 25 ton qızılla Çin Xalq Bankı olub.
Geosiyasi gərginliyin artması və ticarət müharibələri fonunda bir sıra ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını öz ölkələrindəki anbarlara və ya Londona köçürürlər. Bunun nəticəsində Nyu-York Federal Ehtiyat Bankında saxlanılan qızıl ehtiyatları 40 ton azalıb.
Məlumata əsasən, Niderland Mərkəzi Bankı Nyu-York və Ottavadan ümumilikdə 86 ton qızıl çıxarıb. Fransa Bankı isə ABŞ-da saxlanılan 129 ton qızılı sataraq Avropada daha yüksək əyarlı qızıl alıb.
Mərkəzi bankların bu addımları geosiyasi risklərin artdığı şəraitdə qızıl ehtiyatlarının saxlanılması yerlərinin və idarəetmə strategiyalarının yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirilir.

