Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin icrasına dair ilk dəfə “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb.
GDP xəbər verir ki, nəşrdə büdcə gəlirlərinin formalaşma mənbələri, xərc istiqamətləri, makroiqtisadi göstəricilər və dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar sadə və anlaşıqlı formada əks olunub.
Sənədə görə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat, xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib. Büdcə 580 milyon manat profisitlə icra olunub. Gəlirlərin 20,4 milyard manatı qeyri-neft-qaz sektorundan, 18,8 milyard manatı isə neft-qaz sektorundan daxil olub.
Xərclərin strukturunda ən böyük pay 8 milyard 68 milyon manatla müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilib. Sosialyönlü xərclər 15 milyard 254,2 milyon manat (ümumi xərclərin 39,5%-i) təşkil edib. Təhsilə 4,6 milyard, səhiyyəyə isə 1,3 milyard manat ayrılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 4 milyard 454,9 milyon manat vəsait sərf edilib.
Bələdçi beynəlxalq fiskal diaqnostika alətlərinin, o cümlədən Açıq Büdcə Sorğusunun metodologiyası əsasında hazırlanaraq dövlət maliyyəsində şəffaflığın, hesabatlılığın və ictimai məlumatlılığın artırılmasına xidmət edir. Nazirlik qeyd edir ki, bu nəşr vətəndaşlara büdcə icrası barədə dolğun təsəvvür yaratmaq və istiqamətləndirici rol oynamaq məqsədi daşıyır.
“Vətəndaşın büdcə bələdçisi” ilə Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

