Xaçmaz rayonunda 1 hektar fındıq bağının məhsulunu əsas risklərdən sığortalamaq fermerə ildə təxminən 26 manata başa gəlir.
GDP xəbər verir ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50%-ni dövlət ödəyir.
GDP.az xəbər verir ki, təqdim olunan hesablamada bir hektardan gözlənilən məhsuldarlıq 12 sentner, yəni 1 200 kiloqram, fındığın sahədə satış qiyməti isə kiloqram üçün 3 manat götürülüb. Bu göstəricilərlə məhsulun sığorta dəyəri 3 600 manat təşkil edir.
Quba-Xaçmaz regionunda fındıq məhsulunun əsas risklərdən sığortalanması üzrə tarif 1,45%-dir. Nəticədə ümumi sığorta haqqı 52,20 manat, dövlət dəstəyi nəzərə alındıqdan sonra fermerin ödəyəcəyi hissə isə 26,10 manat olur. Məhsuldarlıq və satış qiyməti dəyişdikdə hesablanan sığorta haqqı da fərqlənir.
Məlumata görə, bir hektar məhsuldar fındıq bağında gübrələmə, dərmanlama, budama, suvarma və digər aqrotexniki tədbirlərə illik 800–1 200 manat xərclənir. Nümunədəki sığorta haqqı həmin xərclərin təxminən 2–3%-nə bərabərdir.
Xaçmaz rayonunda 11 148 hektar fındıq bağı mövcuddur. İndiyədək rayonda aqrar sığorta üzrə ümumilikdə 1 milyon 83 min manat ödəniş edilib. Bunun 1 milyon 57 min manatı bitkiçilik, 26 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənilib.
Aqrar Sığorta Fondu fermerləri əkinlərini və meyvə bağlarını dövlət dəstəkli sığorta mexanizmi vasitəsilə qorumağa çağırır. Sığorta şərtləri və haqları barədə Fondun rəsmi internet səhifəsindən və 1651 Çağrı Mərkəzindən məlumat almaq mümkündür.

