Dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi üzrə müvafiq altsistem vasitəsilə 2027-ci il üçün 885 dividend proqnozu və 1 529 büdcə proqnozu hesabatı təqdim edilib.
GDP xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda açıqlayıb.
Nazirin sözlərinə görə, cari ilin doqquz ayında altsistemdə 1 113 müəssisə qeydiyyatdan keçib. Bu dövrdə 3 298 aylıq və 11 434 rüblük hesabat təqdim olunub. Həmçinin sistemə 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı daxil edilib.
Sahil Babayev bildirib ki, rəqəmsal monitorinq mexanizmləri dövlət müəssisələrində maliyyə intizamının gücləndirilməsinə, risklərin erkən aşkarlanmasına və məlumat əsaslı qərarvermənin təkmilləşdirilməsinə imkan yaradır.

