Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 5 ayında aqrar sahəyə dəyən zərərlər üzrə fonda müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb.
GDP xəbər verir ki, sonda olan müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir.
Ümumilikdə fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu.
Zərərlə bağlı müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır.
Ötən il ümumi müraciətlərin 80%-i taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il isə müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.