Avropa İttifaqı rəhbərliyi uzun müddətdir müzakirə edilən rəqəmsal identifikasiya sistemini (e-ID) qətiləşdirmək üçün yeni cəhdlərə başlayıb.
GDP xəbər verir ki, əldə olunan məlumata görə, Aİ vətəndaşlarının internetə çıxışı üçün vahid elektron şəxsiyyət vəsiqəsi daşıması məcburi edilə bilər.
Rəsmi səbəb kimi uşaqların sosial şəbəkələrin zərərli təsirindən qorunması göstərilir. Fransada parlament artıq 15 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanunu qəbul edib. İspaniyada isə analoji sənəd parlament müzakirəsinə çıxarılıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çıxışında Avstraliyanın təcrübəsini nümunə göstərib. O, sosial şəbəkələrə ancaq 16 yaşdan yuxarı istifadəçilərin buraxıldığı Avstraliya modelini yüksək qiymətləndirib.
“Biz uşaqlarımızı qorumalıyıq. Bu, müqəddəs vəzifəmizdir,” deyə fon der Lyayen bildirib.
Lakin ekspertlər və hüquq müdafiəçiləri narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, “uşaqları qorumaq” adı altında həyata keçirilən bu təşəbbüs əslində ümumi internet nəzarətinə və hər bir istifadəçinin identifikasiyasına gətirib çıxara bilər. Avstraliyada qəbul edilən oxşar qanun artıq ciddi ictimai etiraz dalğasına səbəb olub.
Tənqidçilər qeyd edir ki, vahid rəqəmsal ID-nin tətbiqi internetdə anonimliyi tamamilə məhv edəcək və vətəndaşların onlayn fəaliyyətinin tam nəzarət altına alınması üçün zəmin yaradacaq.
Aİ-nin bu təşəbbüsünün növbəti aylarda üzv ölkələrin liderləri səviyyəsində müzakirə edilməsi gözlənilir.

