Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Asiya ilə Avropa arasında Cənubi Qafqaz vasitəsilə əlaqəni daha da genişləndirmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına dair Anlaşma Memorandumu imzalayıb.
GDP xəbər verir ki, AYİB-in məlumatına görə, tərəfdaşlıq Azərbaycan, Ermənistan və Gürcüstanda ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyaların, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə yönələcək.
“Orta Dəhlizin gücləndirilməsi bütün regionda transformativ yeni iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təmin edəcək”, – deyə məlumatda bildirilir.
Anlaşma Memorandumu AYİB-in bank işi üzrə vitse-prezidenti Matteo Patrone və USAID-in Avropa və Avrasiya Bürosunun Administratorunun köməkçisi Erin Elizabet MakKi tərəfindən imzalanıb.