Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2027–2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsini (OMXÇ) açıqlayıb.
GDP xəbər verir ki, sənəd dövlət büdcəsinin ortamüddətli dövr üzrə planlaşdırılması, büdcə siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və dövlət maliyyəsinin dayanıqlılığının təmin edilməsi məqsədilə hazırlanıb.
Ortamüddətli Xərclər Çərçivəsi Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş müvafiq qaydalara uyğun olaraq tərtib edilib.
Sənəddə 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlar, dövlət və icmal büdcələrinin gəlir və xərclərinə dair gözləntilər, büdcə siyasətinin əsas hədəfləri, milli xərc prioritetləri, fiskal risklər və onların azaldılması istiqamətində nəzərdə tutulan tədbirlər öz əksini tapıb.
Açıqlanan proqnozlara əsasən, 2027–2030-cu illərdə Azərbaycan iqtisadiyyatının orta illik 3,3 faiz, qeyri-neft-qaz sektorunun isə 4,4 faiz artacağı gözlənilir. Ümumi daxili məhsulun nominal həcminin 2027-ci ildə 141 milyard manata, 2030-cu ildə isə 169,1 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə dövlət büdcəsinin gəlirlərinin 2027-ci ildə 39,25 milyard manat, 2030-cu ildə isə 40,58 milyard manat təşkil edəcəyi gözlənilir. Büdcə xərclərinin müvafiq olaraq 42,4 milyard manat və 44,24 milyard manat səviyyəsində olacağı nəzərdə tutulur.
Sənəddə büdcə gəlirlərinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafının dəstəklənməsi, dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi və fiskal dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.
Bununla yanaşı, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid istiqamətində həyata keçirilən islahatlar, dövlət büdcəsindən ayrılan vəsaitlərin müvafiq proqramlar üzrə bölgüsü və dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi məsələləri də sənəddə əksini tapıb.
Ortamüddətli Xərclər Çərçivəsində qlobal iqtisadi proseslər, enerji qiymətlərində mümkün dəyişikliklər, inflyasiya və iqtisadi artım tempindəki dalğalanmaların dövlət maliyyəsinə potensial təsirləri də qiymətləndirilib.
Sənədin əsas məqsədi dövlət maliyyəsinin strateji planlaşdırılmasını gücləndirmək, büdcə resurslarının prioritet istiqamətlərə yönəldilməsini təmin etmək və ortamüddətli dövrdə makroiqtisadi sabitliyi dəstəkləməkdir.

